Təbrizin haqq səsi
Gəlmişəm şura Səhəndim, Savalandan soruram
Ərdəbil, Urmula Zəngan, Həmədandan soruram
Mil, Muğandan, Bakı, Dağlıq Qarabağdan soruram
Bu kül altındakı köz, bir od olarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?
Məktəbim taxtalanıbdır, açılıb dustaqlar
Kimliyim taptalanıb yüz cürə böhtan yağılar
Yasaq olmuş bu dilim, az qala kökdən dağılar
Şovinizmə, zülmə üsyan olarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?
Təbrizin Səttarı, Bağırxanı, Mir Cəfəri var
Savalan gər ucalırsa günü-gündən yeri var
Bax Səhənd heybətinə lap özü tək şairi var
Qoca Heydər babanın səbri daşarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?
Ildırımlar çaxar onda səsi dünyayə dolar
Sel olub düşməni məhv eylədiyində durular
Xalqa qan utduranın əl-qolu əlbət burular
El dəniz tək yenə də dalğalanarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?
Azər övladı yenə birləşib üsyan salacaq
Zalımı məhv eliyib bir yeni dövran quracaq
Onda azadlıq olub, heç nə yasaq olmayacaq
Şah başından yenə xalqım tac alarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?
Salehəm xalqıma mən haqqıdan iman elərəm
Xalqın uğrunda şirin canımı qurban elərəm
Düşmənin bağrına bu sözləri peykan elərəm
Şanlı bayraqla yenə ərk ucalarsa nə olar?
Təbrizin haqq səsi birdən ucalarsa nə olar?
Saleh 1998

Ey böyük Yaradan, ey Ulu Tanrım,
De necə yanmayım, necə dayanım?
Nə olar bir səhər erkən oyanım,
Axan xan Arazı yaran görməyim!
Dolan buludlarda bir gün boşalar,
Arzum kainatı tənha dolaşar,
Ulduzlar gecələr parlaq sayrışar,
Bəxti-səyyarəmi axan görməyim!
Mavi Xəzər yenə cövlana gəlib,
Payız da xəzanlı xalçasını sərib,
Eşqin bağçasından tər çiçək dərib,
Vətən torpağını solan görməyim!
Hər səhər dənizdən günəş boylanar,
Aylar tez ötüşür, illər dolanar,
Fəqət kainatda bu gün oyanar,
Qoy doğma xalqımı yatan görməyim!
Bilirəm möcüzə mən gözləyirəm,
Vahidlik olmağı çox istəyirəm,
Tanrıdan bir ruzi hey diləyirəm,
O günü görüncə kaş ki ölməyim!
Sən mənə anasan, anamdan əziz
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!
De, nemət varmıdır səndə olmayan?
Sərvətdən, qüdrətdən yoğrulub mayan.
Sönməz bir məşəlsən, Şərqə nur yayan,
"Qara qızıl"ındır damarda qanım,
Eşqinlə dolanır, Azərbaycanım!
Vurulur bir dəfə hüsnünə baxan,
Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
Füzuli şerini oxuyanda Xan,
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım!

Müəllif: Məmməd Araz
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı sənin tufan yıxan,
Gurşad boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan
bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa dur, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı nərən, hanı səsin!
Hanı andın!
Yoxsa sən də yatmışlara,batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!
Gözünü sil, Vətən oğlu, ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhəddinə bir yaxşı bax.
Sərhəddinin kəməndinə bir yaxşı bax!
Dur, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd elə.
Dur, içindən qorxağı qov,
Dur, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım, yoxum, səninləyəm,
Azım, çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altın
Əzin məni xıncım-xıncım,
Kəsmir əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Neçə “səni”, neçə “məni” xilas edim.
Səninləyəm,
Sözü qəmli, özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan, rəncbər atam!
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan,
Səninləyəm!

Azərbaycan – dünyam mənim
Müəllif: Məmməd Araz
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu, dan ulduzu gözəlləridir.
İllər olub – kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə, buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.
Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.
Azərbaycan – mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

Azərbaycan
Müəllif: Məhəmməd
Hüseyn Şəhriyar
Könlüm quşu qanad
çalmaz, sənsiz bir an, Azərbaycan
Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub, mülkü-İran, Azərbaycan
Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan
Vətən eşqi məktəbində can verməyi öyrənmişik
Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan
Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin
Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan
İgidlərin İran üçün şəhid olmuş, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan
Evladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan oyan Azərbaycan
Yetər fəraq odlarından kül ələndi başımıza
Dur ayağa, Ya azad ol, ya tamam yan, Azərbaycan
Şəhriyarın
ürəyi də səninki tək yaralıdır
zadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan

Əsir Azərbaycanım
Müəllif: Almaz İldırım
Hanı məni göl qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam” çağıran…
Azərbaycan, mənim baxtsız anam oy…
Neçə ildir həsrətinlə yanam oy…
Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim oy!..
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağından Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy…
Hökm etsə, bu sərsəm gediş dursa oy…
Könlümə tək Kə’bə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən…
Azərbaycan, mənim tacım, taxtım oy…
Oyanmazmı kor olası baxtım oy…

|
|
 |
|